Tarixi-pedaqoji irsdən müasirliyə: akademik Hüseyn Əhmədov – 100
(Ön söz)
Tarixən hər bir xalqın intellektual potensialı, mənəvi sərvəti və gələcəyə baxışı onun yetişdirdiyi görkəmli elm və maarif xadimlərinin irsi ilə ölçülmüşdür. Xalqına və elmə ləyaqətlə xidmət etmiş böyük alimlərin yubileylərinin qeyd olunması sadəcə bir anım mərasimi deyil. Bu, ilk növbədə, elmi varisliyin qorunması, tarixi yaddaşın təzələnməsi və gələcək nəsillər üçün mənəvi-intellektual meyarın müəyyənləşdirilməsidir. Qədim yunan filosofu Aristotel özünün "Metafizika" əsərində haqlı olaraq qeyd edirdi: "Bütün insanlar təbiətən bilməyə can atırlar... Lakin yalnız o kəslər müdrik adlanmağa layiqdir ki, onlar bilikləri toplayır, sistemi yaradır və başqalarına öyrətmək bacarığına malik olurlar."
Görkəmli alimlərin xatirəsinin ehtiramla yad edilməsi, onların elmi irsinin sistemli və kompleks şəkildə öyrənilməsi, yeni pedaqoji təfəkkür işığında yenidən qiymətləndirilməsi, təhsil quruculuğunda istifadəsinin imkan və yollarının müəyyənləşdirilməsi müasir dövrdə olduqca zəruri bir prosesdir.
Bir əsrlik yubiley alim şəxsiyyətinin və onun yaradıcılığının zamanın sınağından necə çıxdığını, elmi irsinin illər keçdikcə öz aktuallığını saxlayıb-saxlamadığını göstərən ən obyektiv göstəricidir. Vəfatından sonra da elmi ideyaları, irəli sürdüyü konsepsiyaları və pedaqoji prinsipləri ilə yaşayan alim zamanın fövqünə yüksəlmiş alimdir.
Azərbaycan pedaqoji elminin patriarxı akademik Hüseyn Əhmədovun anadan olmasının 100 illik yubileyi məhz belə əlamətdar və tarixi bir hadisədir. Akademik H.Əhmədov Azərbaycan təhsil və pedaqoji fikir tarixinin XIX əsr mərhələsinin müqtədir tədqiqatçısı, “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” kursunun yaradıcısı, pedaqoji və elmi-pedaqoji kadr hazırlığında müstəsna xidmətləri olan böyük alimdir. Onun bir əsr əvvəl başlayan ömür yolu bütövlükdə Azərbaycan məktəbinin, milli pedaqoji təfəkkürün və maarifçilik ənənələrinin inkişafından ayrılmazdır.
Hüseyn Əhmədovun bioqrafiyası.Hüseyn Əhmədov 1926-cı il iyulun 17-də Qərbi Azərbaycan torpağı olan qədim Göyçə mahalının Çəmbərək (Krasnoselo) rayonunun Toxluca kəndində anadan olub. Doğma kəndində IX sinfi bitirsə də, 1941–1945-ci illərdə baş vermiş sovet-alman müharibəsi səbəbindən təhsilini davam etdirə bilməyib və 1943-cü ildə təhsil aldığı məktəbə müəllim təyin olunub.
Müharibədən sonra o, K.Setkin adına Gəncə Pedaqoji Məktəbini (1947) və H. Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun Tarix fakültəsini (1951) bitirib. İnstitut onu gənc mütəxəssis kimi saxlayaraq pedaqoji fəaliyyətə cəlb edib. 1952–1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Pedaqogika kafedrasının əyani aspiranturasında təhsil alıb. 1955–1956-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun komsomol komitəsinin birinci katibi, 1957-ci ildə isə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1958-ci ildə prof.Əhməd Seyidovun rəhbərliyi altında “İbtidai məktəb şagirdlərinin əxlaq tərbiyəsində nümunənin rolu və ondan istifadə yolları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Dissertasiya işi akademik A.O.Makovelski, prof. B.B.Komarovski, prof.M.Muradxanov və dos. D.Mustafayeva tərəfindən yüksək qiymətləndirilib. Onun elmi-pedaqoji fəaliyyəti 1958–2015-ci illəri əhatə etmiş və əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika kafedrası ilə bağlı olmuşdur. O, 35 il kafedraya rəhbərlik etmiş, assistent, baş müəllim, dosent, professor və ixtisasartırma fakültəsinin dekanı vəzifələrində çalışmışdır. 1974–1977-ci illərdə isə orta məktəb müəllimlərinin ixtisasartırma fakültəsinin dekanı olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetində “XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişaf tarixi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək pedaqogika elmləri doktoru elmi dərəcəsi alıb. Elmi fəaliyyətinə görə 1973-cü ildə “Azərbaycan SSR-nin Qabaqcıl maarif xadimi”, 1977-ci ildə isə “SSRİ Maarif əlaçısı” döş nişanı ilə təltif olunmuş, 1981-ci ildə isə “Azərbaycan SSR Əməkdar ali məktəb işçisi” fəxri adına layiq görülmüşdür.
Hüseyn Əhmədov həm Azərbaycanda, həm də keçmiş SSRİ-də nüfuzlu pedaqoq alim kimi tanınmışdır. 1990-cı il dekabrın 20-də SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, 1993-cü ildə Azərbaycan Milli Yaradıcılar Akademiyasının həqiqi üzvü (akademik), eyni zamanda Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının və Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü olmuşdur.
1998-ci ildə Beynəlxalq Pedaqoji Akademiyanın “Y.A.Komenski adına Böyük Qızıl Medalı” ilə təltif olunmuş, 1999-cu ildə Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü seçilmişdir. 2005-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının “Türk Dünyasına Hizmet” qızıl medalı, 2006-cı ildə isə Amerikanın Beynəlxalq Ekspertiza və Bioqrafik Tədqiqatlar İnstitutunun sertifikatı ilə təltif olunmuşdur.
2007-ci ildən ömrünün sonuna qədər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuş, Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin müxtəlif orden və medallarına layiq görülmüşdür.
H.Əhmədov 4 aprel 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Hüseyn Əhmədovun elmi-pedaqoji yaradıcılığının əsas istiqamətləri
Pedaqogika elminin nəzəri-metodoloji əsaslarının tədqiqi. H.Əhmədovun elmi fəaliyyətinin aparıcı istiqamətlərindən birini pedaqogika elminin nəzəri-metodoloji əsaslarının sistemli şəkildə tədqiqi, şəxsiyyətin mənəvi tərbiyəsinin fəlsəfi, psixoloji və pedaqoji əsaslarının üzə çıxarılması və sistemləşdirilməsi təşkil edir. Onun "İbtidai sinif şagirdlərinin mənəvi tərbiyəsində nümunənin rolu və onun həyata keçirilməsi yolları" (1958) adlı namizədlik (fəlsəfə doktorluğu) dissertasiyasını mənəvi tərbiyənin sosial-pedaqoji aspektlərini elmi baxımdan əsaslandıran ilk sistemli araşdırmalardan biri kimi dəyərləndirmək mümkündür. Bu tədqiqatda o, nümunənin (müəllim, valideyn, əmək qəhrəmanları və bədii ədəbiyyatdakı obrazlar) uşağın əxlaqi-mənəvi aləminin formalaşmasındakı rolunu elmi-fəlsəfi baxımdan təhlil edərək belə bir tezis irəli sürmüşdür: ”Təlimdə əyaniliyin rolu nə qədərdirsə, tərbiyədə də nümunənin rolu bir o qədərdir”. “Uşaqların mənəvi tərbiyəsində valideyn nümunəsi” (1962) adlı monoqrafiyasında və müxtəlif illərdə çap olunmuş silsilə məqalələrində o, mənəvi tərbiyəyə yalnız praktik proses kimi deyil, eyni zamanda dərin fəlsəfi məzmun daşıyan mənəvi inkişafın vacib bir mərhələsi kimi baxmışdır. Onun bu sahədə apardığı tədqiqatlar tərbiyənin həm nəzəri-metodoloji əsaslarını, həm də praktik tətbiq modellərini əhatə edir.
Hüseyn Əhmədovun redaktoru və həmmüəllifi olduğu “Pedaqogikaya giriş” (1973) adlı tədris vəsaiti pedaqoji elmin əsas nəzəri-metodoloji istiqamətlərinə dair bir sıra konseptual məsələlərin ilkin elmi-nəzəri əsaslandırılmasına töhfə vermişdir. “Pedaqogikada qanun və qanunauyğunluq” (1974) və “Sözdən işə keçək” (1978) əsərlərində o, pedaqogikanın metodoloji bazasının formalaşdırılması istiqamətində ardıcıl elmi axtarışlar aparmış, pedaqoji qanunauyğunluqların identifikasiyası, əsas anlayış və kateqoriyaların konseptual izahı, eləcə də terminoloji sistemin elmi əsaslarla strukturlaşdırılması məsələlərinə dair nəzəri baxışlarını irəli sürmüşdür. O, pedaqoji elmin fundamental prinsipləri əsasında bu sahənin terminoloji və kateqorial aparatını elmi müzakirə predmetinə çevirmiş, problemlə bağlı aparılan elmi diskussiyalarda fəal iştirak etmişdir.
H.Əhmədovun tərbiyə konsepsiyası geniş və çoxşaxəlidir. O, tərbiyəyə kompleks yanaşaraq, aşağıdakı istiqamətlərin hər birini müstəqil, lakin bir-birini tamamlayan sahələr kimi araşdırmışdır:
H. Əhmədov pedaqogikanı yalnız tətbiqi xarakter daşıyan sahə kimi deyil, eyni zamanda dərin elmi-nəzəri və fəlsəfi kontekstə malik kompleks humanitar bilik sahəsi kimi dəyərləndirmişdir. O, təhsil-tərbiyəni sadəcə davranış normalarının və cəmiyyətin formalaşdırdığı sosial rolların ötürülməsi ilə məhdudlaşdırmır, tərbiyəni fərdin mənəvi və sosial dəyərlərlə zənginləşdirilmiş şəxsiyyət kimi formalaşması, onun əxlaqi-emosional və intellektual potensialının məqsədyönlü şəkildə inkişaf etdirilməsi prosesi kimi nəzərdən keçirirdi. Beləliklə, o, tərbiyəyə insanın daxili aləmini, dəyərlər sistemini və ictimai mövqeyini formalaşdıran çoxölçülü proses kimi yanaşaraq, pedaqogikanın humanist mahiyyətini ön plana çıxarırdı.
Azərbaycanda təhsil və pedaqoji fikir tarixinin tədqiqi. H.Əhmədovun Azərbaycan təhsil və pedaqoji fikir tarixi sahəsində apardığı sistemli tədqiqatlar onun çoxşaxəli elmi yaradıcılığının mərkəzində dayanır. O, tələbəlik dövründən tarix elminin metodologiyasını dərindən mənimsəmiş, fakt və hadisələri zaman və məkan kontekstində dəyərləndirməyi, pedaqoji problemləri isə mədəni-ictimai və siyasi-iqtisadi şəraitlə əlaqələndirərək təhlil etməyi öyrənmişdir. Yaradıcılığı boyu bu prinsipə sadiq qalmış, tədqiqatlarında tarixi mənbələrdən istifadəyə nümunəvi yanaşmanı nümayiş etdirmişdir.
Hüseyn Əhmədov pedaqoji tədqiqat fəaliyyətinə tərbiyə nəzəriyyəsi sahəsində başlasa da, sonradan diqqətini XIX əsrdə Azərbaycanda məktəb təhsilinin tarixinin öyrənilməsinə yönəltmişdir. Bu məqsədlə o, Moskva, Sankt-Peterburq, Bakı, İrəvan, Həştərxan və Tbilisi kimi şəhərlərdə yerləşən dövlət arxivlərində aylarla işləyərək zəngin empirik material toplamış, onları sistemli şəkildə analiz etmişdir. Aparılan çoxillik araşdırmaların nəticəsi olaraq H. Əhmədov “XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişaf tarixi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Bu dissertasiyanın materialları 1985-ci ildə “XIX əsr Azərbaycan məktəbi” adı ilə nəşr olunmuşdur. Bu fundamental əsər Azərbaycan təhsil tarixşünaslığında mühüm mərhələ təşkil edir. Müəllifin çoxillik arxiv və ilk mənbə araşdırmalarına əsaslanan bu tədqiqat işində Azərbaycanda dünyəvi təhsilin təşəkkülü və inkişaf tarixinin kompleks mənzərəsi təqdim edilir. Əsər öz elmi strukturuna, məzmun zənginliyinə və analitik dərinliyinə görə, yalnız milli deyil, həm də beynəlxalq elmi müstəvidə maraq doğura biləcək səviyyədədir.
H.Əhmədov bu əsərində ilk dəfə olaraq çar Rusiyasının Cənubi Qafqazda, o cümlədən Azərbaycanda həyata keçirdiyi təhsil siyasətinin mahiyyətini elmi əsaslarla araşdırmış, onun ideoloji və siyasi istiqamətlərini dərindən təhlil etmiş, imperiyanın bölgədə həyata keçirdiyi təhsil siyasətinin mərkəzləşdirmə, ruslaşdırma, xristianlaşdırma və ümumilikdə rusiyalaşdırma məqsədlərinə xidmət etməsini əsaslandırmışdır. Bu siyasət vasitəsilə imperiya yerli xalqları öz siyasi, dini və mədəni kimliyindən uzaqlaşdırmaq və onları rus imperiyası çərçivəsində assimilyasiya etmək istəyirdi.
Əsərin mühüm elmi məziyyətlərindən biri müəllifin ilk qəza məktəblərinin, ibtidai kənd məktəblərinin və müsəlman məktəblərinin yaranmasını siyasi, sosial, mədəni və dini amillər kontekstində araşdırmasıdır. Açılan dünyəvi məktəblər zahirdə maarifçilik ideyalarına söykənsə də, mahiyyət etibarilə ideoloji və siyasi təsir alətləri idi. Tədrisin yalnız rus dilində aparılması, yerli müəllimlərin sıxışdırılması və müsəlman uşaqların xristian təsirinə məruz qalması bu siyasətin başlıca təzahürləri idi.
Əsərdə Qori Müəllimlər Seminariyasının milli pedaqoji kadrların hazırlanmasında oynadığı rola xüsusi diqqət yetirən H.Əhmədov seminariyada təhsil almış azərbaycanlı maarifçilərin sonrakı fəaliyyətini milli maarif sisteminin təşəkkülünün əsas şərtlərindən biri kimi qiymətləndirmişdir. O, bu müəllimlərin yalnız məktəblərdə dərs deməklə kifayətlənmədiyini, həm də maarifçilik ideyalarının daşıyıcıları, ana dilli məktəblərin və dərsliklərin təbliğatçıları, ictimai-mədəni oyanışın və pedaqoji hərəkatın aparıcı simaları olduğunu vurğulayır.
Bu yanaşma ilə H. Əhmədov Azərbaycan pedaqogikaşünaslığı üçün yeni bir istiqamətin – milli müəllim kadrlarının formalaşması və onların maarifçilik prosesində rolu kontekstində təhlilin əsasını qoymuşdur. Bu, təkcə struktur və faktların deyil, həm də fərdi təcrübələrin və maarifçi şəxsiyyətlərin fəaliyyətlərinin sistemli şəkildə araşdırılması baxımından əhəmiyyətli elmi yenilik kimi qiymətləndirilə bilər. Bu onu göstərir ki, H.Əhmədov tarixi-pedaqoji irsi yalnız xronoloji ardıcıllıqla deyil, həm də konseptual və funksional aspektdən öyrənmiş, A.O.Çernyayevski, F.Köçərli, N.Nərimanov, R.Əfəndiyev kimi maarifçilərin pedaqoji görüşlərini, ictimai-pedaqoji mövqelərini araşdıraraq onların təhsil tarixindəki funksional rolunu üzə çıxarmışdır. Bu yanaşma, pedaqoji irsin öyrənilməsində şəxsiyyətlərin ideoloji mövqeyi, təhsil fəlsəfəsi və praktik fəaliyyəti arasında qarşılıqlı əlaqənin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.
Əsərdə həmçinin qadın təhsilinin inkişafı, maarifçilik hərəkatının əsas istiqamətləri, məktəb və mədrəsələrdə dini təhsilin məzmunu, natamam (progimnaziya) və orta məktəblərin (gimnaziya) təşəkkülü, eləcə də Rusiyada aparılan təhsil islahatlarının Azərbaycana təsiri geniş şəkildə işıqlandırılmışdır. Müəllif qadın təhsili məsələsinə sadəcə faktoloji deyil, həm də sosial-fəlsəfi kontekstdə yanaşmış, onu milli inkişafın göstəricisi kimi dəyərləndirmişdir. O, təhsilin yalnız təşkilati və inzibati aspektlərini deyil, həm də dil, kimlik, mədəni transformasiya, maarifləndirmə kimi aspektlərini də elmi təhlil obyektinə çevirmişdir.
Bu istiqamətli araşdırmaları ilə H.Əhmədov faktiki olaraq XIX əsr Azərbaycan məktəb sisteminin tam xəritəsini yaratmağa nail olmuşdur. Azərbaycan təhsil tarixinin ən dolğun və sistemli tədqiqatlarından biri olan “XIX əsr Azərbaycan məktəbi” əsərində o, yalnız XIX əsr məktəb sistemini təqdim etməklə kifayətlənmir, həm də Azərbaycan pedaqoji kimliyinin formalaşmasına dair fundamental elmi bünövrə yaradır. Əsərin əsas üstünlüklərindən biri də məktəb tarixinin yalnız xronoloji deyil, fəlsəfi və ideoloji müstəvidə dəyərləndirilməsidir. Əhmədov məktəbi təkcə maarif ocağı kimi deyil, həm də mədəni və siyasi təsir aləti, milli kimliyin qorunmasında və formalaşmasında mühüm vasitə kimi təqdim edir. Bu kontekstdə o, təhsil siyasəti ilə milli müqavimət strategiyaları – ana dili, milli dərsliklər və maarifçi ziyalıların fəaliyyəti – arasındakı əlaqəni elmi əsaslarla izah edir.
Əsərin tarixi və mədəni dəyəri onun məktəb sistemini yalnız pedaqoji deyil, həm də cəmiyyətin modernləşməsi, sosial strukturun dəyişməsi və mədəni inkişafın bir hissəsi kimi araşdırması ilə bağlıdır. O, məktəb sistemini XIX əsr Azərbaycan cəmiyyətində gedən ideoloji, mədəni və sosial transformasiyaların daşıyıcısı kimi təqdim etməklə, təhsil tarixini ümummilli inkişaf kontekstində qiymətləndirmişdir.
Əsər pedaqogika və tarixşünaslıq elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvləri M.Mehdizadə, N.K.Qonçarov, A.Qurbanov, eləcə də professorlar Ə.Seyidov, F.Köçərli, M.Qazıyev və A.Zamanov bu tədqiqatı elmi yeniliyi və metodoloji əsaslandırması baxımından yüksək dəyərləndirmişlər. Rusiyalı tədqiqatçı-alim, professor N.K.Qonçarov yazırdı ki, “H.Əhmədov vacib bir tarixi-pedaqoji problemin həllinə girişmiş və buna nail olmuşdur.” Akademik M. Mehdizadənin fikirləri də xüsusilə diqqətəlayiqdir: “Tədqiqat məktəb təhsilinin ümumpedaqoji sahəsinin böyük bir hissəsini əhatə edir, H. Əhmədovun dissertasiyası yaradıcı axtarışın məhsuludur.” Prof.Ə.Seyidov isə yazırdı: “H. Əhmədov xalqımızın bir əsrlik məktəb təhsilini araşdıraraq məktəb və pedaqoji fikir tariximizi zənginləşdirib.”
H.Əhmədovun N.Tusi, A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundov, H.Zərdabi, S.Ə.Şirvani, S.M.Qənizadə, A.O.Çernyayevski, M.Ə.Elxanov, F.B.Köçərli, M.H.Rüşdiyyə, S.B.Vəlibəyov, C.Məmmədquluzadə, M.T.Sidqi, N.Nərimanov, Ü.Hacıbəyov, R.Əfəndizadə, Ə.Y.Seyidov və digərlərinin pedaqoji ideyalarını tədqiqata cəlb etmiş, onların xalq maarifi, məktəb təhsili, təlim-tərbiyə ilə bağlı fikirlərini aşkarlamış, pedaqoji fikrin qaynaqlarını üzə çıxarmış, gənc nəslin tərbiyəsində həmin irsin əhəmiyyətini əsaslandırmışdır. Bu araşdırmalarda adıçəkilən maarifçilərin təhsil və tərbiyə sahəsindəki nəzəri baxışları, metodoloji yanaşmaları, maarifçilik ideyaları və milli kimliyin formalaşmasına verdikləri pedaqoji ideyalar ümumiləşdirilmiş, tarixilik və müasirlik müstəvisində şərh edilmiş, müasir təhsil siyasətinə inteqrasiyasının imkanları üzə çıxarılmışdır. Qeyd etmək lazımdır ki, H.Əhmədov Azərbaycanda təhsil və pedaqoji fikir tarixinin tədqiqi, təbliği və tədrisi sahəsində bir məktəb yaratmışdır.
H.Əhmədovun məktəb və pedaqoji fikir tarixi sahəsindəki tədqiqatlarının praktik əhəmiyyəti iki mühüm istiqamətdə özünü göstərir.
Birinci istiqamət – Azərbaycan məktəblərinin tarixi yaddaşının qorunması və maarif ictimaiyyətində pedaqoji irsə marağın artırılması ilə bağlıdır. Belə ki, prof. H. Əhmədovun təşəbbüsü və bilavasitə elmi fəaliyyəti nəticəsində rəsmi dövlət qərarları ilə bir sıra şəhər və kənd məktəblərinin yubileyləri geniş şəkildə qeyd olunmuş, bu tədbirlər respublikanın maarif ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Tədqiqatçı-alimin “100 yaşlı Yuxarı Salahlı kənd məktəbi” (1978), “100 yaşlı Qarğabazar məktəbi” (1983), “150 yaşlı Şəki məktəbi” (1983) və s. adlı monoqrafiya və məqalələrində həmin maarif ocaqlarının tarixi inkişaf yolu, onların təhsilin yayılmasında və ictimai-mədəni həyatın formalaşmasında oynadığı rol elmi əsaslarla işıqlandırmışdır. Bu əsərlərdə məktəblərin nailiyyətləri, məzunlarının sonrakı fəaliyyətləri, təhsil ənənələrinin davamlılığı və müasir dövrə təsiri geniş şəkildə araşdırılmışdır. Bu tədqiqatlar həm də maarif tarixinin lokal səviyyədə sənədləş-dirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi önəm daşıyır.
İkinci istiqamət – bu tədqiqatların nəticələrinin pedaqoji təhsilin məzmununa inteqrasiya edilməsi və gələcək müəllimlərin peşəyönümündə rolu ilə bağlıdır. Belə ki, H.Əhmədovun təşəbbüsü ilə 1977-ci ildə hazırlanmış “Azərbaycanda məktəb və pedaqoji fikir tarixi” adlı xüsusi kursun proqramı Azərbaycan və rus dillərində çap olunmuş, sonradan isə Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU), Naxçıvan Pedaqoji İnstitutunda (indiki NDU) və Tbilisi Pedaqoji İnstitutunda uğurla tətbiq olunmuşdur. Bu kurs, gələcək müəllimlərin pedaqoji dünyagörüşünün formalaşmasında və milli təhsil tarixini dərindən mənimsəməsində mühüm rol oynamışdır. SSRİ Maarif Nazirliyinin Elmi Metodik Şurasının 1981-ci ildə bu təcrübəni yüksək qiymətləndirərək digər respublikalarda da yayılmasını tövsiyə etməsi bu təşəbbüsün elmi-metodik baxımdan dəyərini təsdiqləyir. Həmin kurs əsasında hazırlanan rus və Azərbaycan dillərində nəşr edilən “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” dərsliyi bu gün də pedaqoji ali məktəblərdə istifadə olunur və müasir müəllim hazırlığı sistemində öz aktuallığını qorumaqdadır.
H.Əhmədov Azərbaycan məktəb və pedaqoji fikir tarixinin yalnız dərin bili¬cisi və mahir tədqiqatçısı deyil, eyni zamanda bu sahənin layiqli təbliğatçısı kimi tanınırdı. Onun pedaqoji irsi təkcə elmi-nəzəri səviyyədə deyil, həm də maarifçi ideyaların geniş ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. H.Əhmədovun həmmüəllifi olduğu mühüm nəşrlər sırasında Moskvada çap olunan, 40 çap vərəqini əhatə edən fundamental “Azərbaycan pedaqoji fikir antologiyası” xüsusi yer tutur. Bu əsər Azərbaycan pedaqoji irsinin sistemli şəkildə ümumiləşdirilməsi və İttifaq səviyyəsində təqdimatı baxımından qiymətli mənbədir.
Alimin elmi araşdırmaları SSRİ Pedaqoji Elmlər Akademiyası tərəfindən nəşr edilən “SSRİ xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair oçerklər”in I və IV cildlərində (Moskva, 1989, 1991), “Böyük Rus Ensiklopediyası”nın 2 cildlik “Rus pedaqoji ensiklopediyası”nda və 10 cildlik “Azərbaycan Sovet Ensiklopediyası”nın IV–X cildlərində öz əksini tapır. Bu nəşrlər vasitəsilə H. Əhmədov Azərbaycan pedaqoji elmini təkcə keçmiş SSRİ məkanında deyil, həm də beynəlxalq miqyasda uğurla təbliğ etmişdir.
Onun “Sovetskaya pedaqogika”, “Narodnoe obrazovanie” və digər nüfuzlu elmi-pedaqoji jurnallarda dərc olunan məqalələri Azərbaycan elmi-pedaqoji fikrinin nailiyyətlərini geniş auditoriyalara çatdırmış, milli elmin tanıdılmasında mühüm rol oynamışdır.
H.Əhmədovun Moskva, Leninqrad (Sankt-Peterburq), Kiyev, Daşkənd, Poltava, Penza, Səmərqənd, Ulyanovsk və digər şəhərlərdə keçirilən nüfuzlu elmi konfrans və sessiyalarda fəal iştirakı, bu tədbirlərdə irəli sürdüyü orijinal, elmi-fəlsəfi tutumlu fikirləri həmkarlarının rəğbətini və elmi ictimaiyyətin etimadını qazanma¬sına səbəb olmuş, onun pedaqoji elmdəki yüksək mövqeyini bir daha təsdiqləmişdir.
Hüseyn Əhmədovun türkdilli xalqların pedaqoji irsi ilə bağlı tədqiqatları. Azərbaycan müstəqillik qazandıqdan sonra H.Əhmədovun elmi yaradıcılığında yeni bir istiqamət formalaşmağa başlamışdır. Bu mərhələdə o, türkdilli xalqlar arasında elm və təhsil sahəsində əməkdaşlığa töhfə vermək məqsədilə genişmiqyaslı elmi araşdırmalara başlamış, “Avrasiya xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair oçerklər” kimi fundamental tədqiqat əsərini nəşr etdirmişdir. Həmin əsərdə Avrasiya coğrafiyasında yaşayan müsəlman və türkdilli xalqların məktəb və pedaqoji fikir tarixini əks etdirən zəngin və bir-birini tamamlayan oçerklər təqdim edilmiş, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Tiflisdə, Təbrizdə, Bakıda nəşr olunmuş ana dilli dərsliklər araşdırılmışdır.
Bu nəşrlər arasında N.Dementyevin “Təmsillər və hekayələr” (Tiflis, 1839), İ.Qriqoryev və M.Ş.Vazehin “Kitabi-Türki” (Təbriz, 1855), A.O.Çernyayevskinin “Vətən dili” (I hissə, Tiflis, 1882), Rəşid bəy Əfəndiyevin “Uşaq bağçası” (Tiflis, 1912), “Bəsirət-ül-ətfal” (Bakı, 1901), A. Çernyayevski və S. Vəlibəyovun “Vətən dili” (II hissə, Tiflis, 1888), S. Vəlibəyovun “Qüdrəti-Xuda” (Tiflis, 1888), Üzeyir Hacıbəyovun “Hesab məsələləri” (Bakı, 1907) və digər dərsliklər yer alır.
H.Əhmədov bu dərslikləri ərəb qrafikasından müasir latın əlifbasına transliterasiya etmiş, izah və lüğətlər əlavə etməklə onları elmi dövriyyəyə qaytarmış, bu vasitə ilə milli təhsil tarixinin mühüm mənbələrini yeni nəsillər üçün əlçatan etmişdir. Həmçinin bu istiqamətdə yazdığı “Ana dili dərsliklərimiz milli sərvətimizdir” məqaləsində ictimai və pedaqoji diqqəti bu irsə yönəltmişdir. Onun bu dərslikləri toplamaq və araşdırmaq məqsədilə Bakı, Tiflis, Leninqrad, Moskva arxivlərində və aparıcı kitabxanalarda illərlə apardığı səbirli və sistemli tədqiqatlar yüksək elmi mədəniyyətin və tarixə dərin hörmətin nümunəsidir.
Akademik H.M.Əhmədovun yaradıcılıq diapazonu olduqca geniş olub. O, pedaqogika və pedaqogika tarixinin aktual problemlərinə dərindən nüfuz etmiş, orijinal elmi yanaşmaları ilə həmkarları arasında yüksək nüfuz qazanmışdır. Həyatının bütün mənalı dövrünü elmin inkişafına, məktəb və pedaqoji fikir tarixinin tədqiqinə, tədrisinə və təbliğinə həsr etmişdir.
Ali məktəb dərsliklərini müəllifi.Hüseyn Əhmədov dəqiq elmi məzmun, aydın və anlaşıqlı izah tərzi, yığcam və məzmunlu ifadə, məntiqi ardıcıllıq, inandırıcı təqdimat və zəngin metodik aparat kimi müasir dərsliklərə xas olan xüsusiyyətləri öz əsərlərində uğurla birləşdirərək fundamental pedaqoji mənbələr yaratmışdır. Onun “Pedaqogikaya giriş” (1973), “Pedaqogika tarixindən mühazirə mətnləri” (1987), “İdarəetmənin pedaqogika və psixologiyası” (2001), “Azərbaycanda məktəb və pedaqoji fikir tarixi” (2014) dərslikləri ali pedaqoji təhsil sistemində gələcək müəllimlərin elmi-nəzəri biliklərini formalaşdırmaqla yanaşı, onların peşə-metodiki hazırlığını da təmin edir. Bu dərsliklərdə pedaqoji prosesin mahiyyəti, milli və ümumbəşəri pedaqoji irsi, təlim-tərbiyə nəzəriyyəsinin əsas prinsipləri və təhsil idarəçiliyinin elmi əsasları tələbələrə sistemli şəkildə təqdim edilir. Tələbələr yalnız nəzəri biliklərlə deyil, həm də müasir təhsil mühitində işləmək üçün zəruri olan praktiki bacarıq və səriştələrə yiyələnirlər.
Tənqidşünas alim. Hüseyn Əhmədov təkcə tədris və elmi-tədqiqat fəaliyyəti ilə deyil, həm də pedaqoji tənqid sahəsindəki məhsuldar işi ilə tanınmışdır. O, pedaqoji prosesə istiqamət verən, təlim-tərbiyə işinin elmi-metodiki əsaslarını əks etdirən əsərləri obyektiv təhlil edərək, onların məzmun və forma baxımından qiymətləndirilməsinə xüsusi önəm vermişdir. “Mirzə Fətəli Axundov əlifba dərsliyi yazmışdırmı?” (1978), “Tarix həqiqilik tələb edir” (1992) və b. tənqidi məqalələrində elmi obyektivlik, dərin təhlil, arqumentlərin məntiqi əsaslandırılması və pedaqoji baxışların inkişafına xidmət edən konstruktiv yanaşma aydın görünür. O, uğurlu pedaqoji ideya və metodların tətbiqini təqdir etmiş, təcrübədə səmərə verən yenilikləri yüksək dəyərləndirmiş, eyni zamanda, təlim-tərbiyə işində müşahidə olunan nöqsanları, metodiki qeyri-dəqiqlikləri və pedaqoji prosesin inkişafına mane olan yanaşmaları prinsipial mövqedən tənqid etmişdir. Onun yazılarında tənqid sadəcə irad bildirmək məqsədi daşımamış, əksinə, həmin iradların aradan qaldırılması üçün elmi əsaslandırılmış tövsiyələr təqdim edilmişdir. Bu xüsusiyyətləri ilə Hüseyn Əhmədovun tənqidi məqalələri yalnız müəyyən müəlliflərin yaradıcılığının təhlili deyil, həm də bütövlükdə Azərbaycanda pedaqoji tənqid mədəniyyətinin formalaşmasına və inkişafına xidmət edən mühüm mənbə rolunu oynamışdır.
Elmi-pedaqoji kadr hazırlığındakı xidmətləri. Hüseyn Əhmədov Azərbaycanda elmi-pedaqoji kadr hazırlığında müstəsna xidmətləri ilə seçilən görkəmli pedaqoq-alimdir. Onun rəhbərliyi altında 50-dən artıq pedaqogika üzrə fəlsəfə doktoru, 5 nəfər (Fərrux Rüstəmov, Müseyib İlyasov, Yusif Qazıyev, Həsən Bayramov, Şiruyə Azadəliyeva) pedaqogika elmləri doktoru hazırlanmışdır. Onun elmi rəhbərlik fəaliyyəti yalnız dissertasiya işlərinin müdafiəsinə qədər olan mərhələ ilə məhdudlaşmamış, doktorantlarının elmi düşüncə tərzinin formalaşmasına, onlarda tədqiqat mədəniyyətinin və metodoloji kompetensiyasının inkişafına xüsusi diqqət yetirmişdir.
Yetirmələrinin apardıqları araşdırmalar pedaqogikanın nəzəri-metodoloji əsasları, milli-pedaqoji irsin tədqiqi, təhsil və tərbiyə nəzəriyyəsinin təkmilləşdirilməsi, məktəbin idarə olunması, müqayisəli pedaqogika, məktəbəqədər pedaqogika, sosial pedaqogika, pedaqogika elminin inkişaf istiqamətləri kimi geniş sahələri əhatə etmişdir.
Bu işlər sayəsində ölkədə pedaqoji elmin inkişafına əhəmiyyətli töhfələr verilmiş, elmi mühitdə yeni nəsil tədqiqatçıların formalaşması təmin olunmuşdur. Hüseyn Əhmədovun elmi rəhbərlik üslubu tələbkar yanaşma ilə humanist münasibətin vəhdəti, tədqiqatçıya yaradıcılıq azadlığı verməklə yanaşı, onu elmi intizama alışdırmaq kimi xüsusiyyətləri ilə fərqlənirdi. Onun formalaşdırdığı elmi-pedaqoji məktəb bu gün də öz elmi ənənələrini davam etdirərək yeni tədqiqat istiqamətlərinin yaranmasına şərait yaradır.
Onun elmi-pedaqoji fəaliyyəti Azərbaycan və xarici ölkə alimləri tərəfindən yüksək qiymətləndirilmiş, haqqında onlarla kitab və 500-dən çox məqalə yazılmışdır. O, təkcə Azərbaycanda deyil, həm də MDB məkanında pedaqogika elminin tanınmış simalarından, patriarxlarından biri hesab olunur.
Hüseyn Əhmədovun pedaqoji irsi Azərbaycanda pedaqogika elminin formalaşmasında və inkişafında mühüm rol oynamışdır. Onun milli pedaqoji fikir və təhsil tarixinin dərin, sistemli araşdırmaları çağdaş pedaqoji nəzəriyyə və praktikanın zənginləşdirilməsinə güclü təsir göstərmişdir. Arxiv materiallarının sistemləşdirilməsi və tarixi-fəlsəfi yanaşmaların sintezi sayəsində H.Əhmədov təhsil prosesinin humanitar və elmi prinsiplərə əsaslanan inteqrativ konseptual modelini formalaşdırmışdır. Epistemoloji baxımdan, onun tədqiqatları pedaqoji biliklərin mürəkkəb, dinamik sistem olduğunu, nəzəriyyə və praktik təcrübənin qarşılıqlı təsirində inkişaf etdiyini aydın şəkildə nümayiş etdirir. Ontoloji aspektdə isə Əhmədov təhsilin milli kimlik və tarixi davamlılıqla bağlı sosial-mədəni fenomen olduğunu təsdiqləyir.
Hüseyn Əhmədovun elmi irsi Azərbaycanda pedaqoji düşüncə sisteminin strukturlaşdırılması və zənginləşdirilməsində həlledici əhəmiyyətə malikdir. Təhsil tarixinin və milli məktəb ənənələrinin tədqiqində tətbiq etdiyi metodoloji yeniliklər müasir elmi araşdırmalar və təhsil siyasətinə yeni yanaşmalar gətirmişdir. Bu irs yalnız Azərbaycan təhsilinin keçmişini sənədləşdirmir, həm də onun gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsində mühüm təsir göstərir.
H.Əhmədovun pedaqoji yaradıcılığı tarixi araşdırma, fəlsəfi təhlil və praktiki tətbiqin qarşılıqlı əlaqəsi əsasında formalaşan, həm milli, həm də beynəlxalq pedaqoji nəzəriyyələrin inkişafına töhfə verən fundamental elmi irsdir.
Ustadsız keçən 7 il və ya möhtəşəm 100 il. Akademik Hüseyn Əhmədovun zəngin pedaqoji irsi onun mənəvi-elmi varlığının mükəmməl ifadəsi kimi diqqəti cəlb edir. Onun konseptual ideyaları Azərbaycanda aparılan təhsil islahatlarına dəyərli töhfə olmaqla yanaşı, tarixi pedaqoji irslə müasirlik arasında mənəvi bir körpüdür.Bu konfrans gənc tədqiqatçılarda elmi varislilik duyğusunu gücləndirməklə yanaşı, pedaqogika tariximizin unudulmaz səhifələrini günümüzün reallıqları ilə uzlaşdırmağa kömək verir. Ustadsız keçən 7 il göstərdi ki, onun yaratdığı elmi məktəb yaşayır, inkişaf edir və müasir təhsil mühitinin inkişafına istiqamət verməkdə dəyərli bir mənbə olaraq qalır. Məhz bu səbəbdən, 100 illik konfrans həm böyük ziyalımıza olan mənəvi borcumuzun təcəssümü, həm də Azərbaycan təhsilinin gələcək inkişaf strategiyasını zənginləşdirən güclü elmi platformadır.
***
Görkəmli pedaqoq, akademik Hüseyn Əhmədovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan təhsil və pedaqoji fikir tarixi” mövzusunda Respublika elmi-praktik konfransının 2026-cı ilin sentyabrında Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
Yubiley çərçivəsində Qərbi Azərbaycan İcmasında silsilə tədbirlərin təşkili nəzərdə tutulub ki, onlardan da biri İcmanın Ziyalılar Şurasında akademikin zəngin elmi və pedaqoji irsinə həsr edilmiş dəyirmi masanın keçirilməsidir.
Qərbi Azərbaycan İcmasinda akademik Hüseyn Əhmədovun 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa. 2 iyul 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında İcmanın Ziyalılar Şurasının təşkilatçılığı ilə Azərbaycan pedaqogika elminin görkəmli nümayəndəsi, pedaqoji elmlər doktoru, professor, Əməkdar ali məktəb işçisi, akademik Hüseyn Mustafa oğlu Əhmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş "Akademik Hüseyn Əhmədovun pedaqoji irsi və təhsil tariximiz" mövzusunda dəyirmi masa keçirildi.Tədbirdə elm və təhsil ictimaiyyətinin tanınmış nümayəndələri, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, akademikin yetirmələri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli akademik Hüseyn Əhmədovun Azərbaycan pedaqoji fikir tarixində müstəsna xidmətlərindən bəhs edib. O bildirib ki, Azərbaycan elminə və təhsilinə mühüm töhfələr vermiş şəxsiyyətlərin yubileylərinin keçirilməsi, onların zəngin irsinin təbliği və xatirəsinin yaşadılması hər bir ziyalının və cəmiyyətin mənəvi borcudur.
Əziz Ələkbərli qeyd edib ki, Hüseyn Əhmədov ibtidai sinif müəllimliyindən akademikliyə qədər şərəfli ömür yolu keçərək ölkəmizdə pedaqoji fikir tarixinin əsas tədqiqatçılarından biri, güclü elmi məktəbin banisi kimi tanınıb. Vurğulanıb ki, görkəmli alim Azərbaycanda təhsil tarixinin sistemli şəkildə öyrənilməsinə mühüm töhfələr verməklə yanaşı, Qərbi Azərbaycanın maarif və təhsil tarixinin elmi əsaslarla araşdırılmasının da öncüllərindən olub.
Sonra Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov "Hüseyn Əhmədovun pedaqoji irsi və onun Azərbaycanda pedaqogika elminin inkişafına təsiri" mövzusunda geniş məruzə ilə çıxış edib.
Məruzədə bildirilib ki, Hüseyn Əhmədov XX əsrin ikinci yarısında formalaşmış Azərbaycan pedaqogika elminin görkəmli nümayəndələrindən biri kimi, bütün şüurlu ömrünü milli pedaqoji fikir tarixinin araşdırılmasına həsr edib. Ömür yolu, müəllimlikdən akademikliyə qədər yüksələn elmi fəaliyyəti, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlı çoxillik fəaliyyəti və yaratdığı elmi məktəb xüsusi qeyd olunub.
Vurğulanıb ki, alim Azərbaycan məktəb tarixinin, xüsusilə XIX əsr məktəb və pedaqoji fikir tarixinin tədqiqi sahəsində fundamental araşdırmalar apararaq bu istiqamətdə yeni elmi məktəb formalaşdırıb. Bildirilib ki, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi onun elmi nüfuzunun beynəlxalq səviyyədə qəbulunun göstəricisi idi. Qeyd olunub ki, akademik Hüseyn Əhmədovun müəllifi olduğu "XIX əsr Azərbaycan məktəbi", "Azərbaycan məktəb və pedaqoji fikir tarixi", "Nəriman Nərimanov" və digər fundamental əsərlər Azərbaycan pedaqoji elminin qızıl fonduna daxil olub. Onun zəngin elmi irsinin bu gün də pedaqoji fikir tarixinin öyrənilməsində mühüm mənbə kimi aktuallığını qoruduğu diqqətə çatdırılıb.
AMEA-nın müxbir üzvü, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, professsor Misir Mərdanov çıxışında akademik Hüseyn Əhmədovun Azərbaycan pedaqogika elminin görkəmli nümayəndələrindən biri olduğunu bildirib. O qeyd edib ki, Hüseyn Əhmədov uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetində səmərəli elmi-pedaqoji fəaliyyət göstərərək nüfuzlu elmi məktəb formalaşdırıb, rəhbərlik etdiyi kafedranın inkişafında mühüm xidmətlər göstərib. Misir Mərdanov alimin yüksək insani keyfiyyətlərindən, sadəliyindən və prinsipiallığından bəhs edərək, onun rəhbər və alim kimi hər zaman dövlətin və təhsilin maraqlarını üstün tutduğunu vurğulayıb.
Prof.M.Mərdanov MHüseyn Əhmədovun müəllifi olduğu çoxsaylı fundamental əsərlərin, xüsusilə XIX əsr Azərbaycan məktəb və pedaqoji fikir tarixinə həsr olunmuş tədqiqatların milli təhsil tarixinin öyrənilməsində mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Bildirilib ki, alimin arxiv sənədlərinə əsaslanan araşdırmaları Azərbaycan məktəb tarixinə dair elmi həqiqətlərin üzə çıxarılmasına, bu sahədə mövcud olan yanlış yanaşmaların aradan qaldırılmasına mühüm töhfə verib. Professor Misir Mərdanov vurğulayıb ki, akademik Hüseyn Əhmədovun zəngin elmi irsi bu gün də tədqiqatçılar üçün etibarlı mənbə olmaqla yanaşı, milli pedaqogika elminin inkişafında öz əhəmiyyətini qoruyub saxlayır.
Digər çıxış edənlər –Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə, ADPU-nun prorektoru, professor Asəf Zamanov, ADPU-nun Ümumi pedaqogika kafedrasının professoru İramin İsayev, ADPU-nun Təhsil menecmenti kafedrasının professsoru, pedaqogika elmləri doktoru, Əməkdar müəllim Müseyib İlyasov, ADPU-nun Ümumi pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Kəmalə Quliyeva, ADPU-nun Ümumi psixologiya kafedrasının professoru, psixologiya elmləri doktoru, Əməkdar müəllim Ramiz Əliyev, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim İbrahim Bayramov akademik Hüseyn Əhmədovun Azərbaycan elminə və təhsilinə misilsiz xidmətlərindən, zəngin elmi irsindən, yüksək insani keyfiyyətlərindən, tələbələrinə və gənc alimlərə göstərdiyi qayğıdan bəhs etdilər. Bildirildi ki, Hüseyn Əhmədov bütöv bir elmi-pedaqoji məktəb yaratmaqla Azərbaycan təhsil tarixinin sistemli şəkildə araşdırılmasına yeni istiqamət verib, milli pedaqoji fikir tarixinin öyrənilməsində silinməz iz qoyub.
Natiqlər xüsusilə vurğulayıblar ki, akademik Hüseyn Əhmədov Qərbi Azərbaycanın maarif və təhsil tarixinin elmi müstəvidə araşdırılmasına mühüm töhfələr verib, bu istiqamətdə apardığı fundamental tədqiqatlarla milli təhsil tariximizin öyrənilməsində yeni səhifə açıb. Onun yetisdirdiyi alimlər nəsli və zəngin elmi irsi bu gün də Azərbaycan pedaqogika elminin inkişafına xidmət edir.
Sonda çıxış edən akademikin oğlu, Təhsil İnstitutunun şöbə müdiri, pedaqogika elmləri doktoru, professor Hümeyir Əhmədov tədbirin təşkilinə görə Qərbi Azərbaycan İcmasına təşəkkürünü bildirib. O qeyd edib ki, akademik Hüseyn Əhmədovun zəngin elmi irsinin daha geniş təbliği məqsədilə ona həsr olunmuş xüsusi internet saytı yaradılır və həmin platformada alimin otuz cildlik əsərləri, elmi araşdırmaları, arxiv materialları və həyat yoluna dair məlumatlar yerləşdiriləcək.Tədbir çərçivəsində akademik Hüseyn Əhmədovun həyat və fəaliyyətindən bəhs edən sənədli filmdən fraqmentlər nümayiş etdirilib.
Təqdim olunan konfrans materialları toplusu akademik Hüseyn Əhmədovun 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransındakı tədqiqat işlərini əhatə edir. Bu materiallar böyük alimin xatirəsinə ehtiram olmaqla yanaşı, onun ideyalarının müasir təhsil kurikulumları, rəqəmsal pedaqogika və yeni təlim texnologiyaları kontekstində davam etdirilməsinin bariz nümunəsidir.
Konfrans materialları toplusu tərtibçinin ön sözü ilə açılır, sonra ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərovun, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərlinin, BDU-nun kafedra müdiri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi Misir Mərdanovun, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim Mahirə Hüseynovanın, ADPU-nun elm və innovasiyalar üzrə prorek
toru, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar müəllim Asəf Zamanovun, ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovun və akademikin oğlu, pedaqoji elmlər doktoru, professor Hümeyir Əhmədovun plenar iclasdakı çıxışlarının mətnləri yer alır.
Konfransa təqdim edilən materiallar 5 bölmədə qruplaşdırılmışdır:
· Akademik Hüseyn Əhmədov: həyatı, pedaqoji fəaliyyəti və elmi irsi
· Azərbaycanda təhsil və pedaqoji fikir tarixinin tədqiqi
· Təhsil: nəzəriyyə, praktika və müasir təhsil çağırışları
· Müasir məktəb: idarəetmə və tərbiyə strategiyaları
· Fənlərin tədrisi metodikası və aktual problemləri
Akademik H.Əhmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika elmi-praktik konfransı və Qərbi Azərbaycan İcması çərçivəsində planlaşdırılan yubiley tədbirləri böyük alimin xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, pedaqoji varislik ənənələrinin qorunub saxlanılmasına xidmət edir. Hesab edirik ki, bu tədbirlər akademik Hüseyn Əhmədovun ideyaları işığında müasir təhsilimizin strateji hədəflərini reallaşdırmağa, gənc tədqiqatçılara elmi-metodiki istiqamət verməyə və milli pedaqoji təfəkkürü yeni müstəvidə zənginləşdirməyə xidmət edəcəkdir.
Fərrux Rüstəmov
ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü