Online Manuscript Submission
Submit your manuscript to IMCRA Publishing through our secure editorial submission system. All submissions undergo editorial screening, academic evaluation, and peer review in accordance with scholarly publishing standards.
Manuscript Submission Form
PLENAR ÇIXIŞ: Azərbaycan pedaqogika elminin patriarxı: akademik Hüseyn Əhmədovun həyat yolu və elmi irsi
fizika-riyaziyyat elmləri doktoru, professor,
Əməkdar elm xadimi
Azərbaycan pedaqogika elminin patriarxı: akademik Hüseyn Əhmədovun
həyat yolu və elmi irsi
Xülasə
Məruzədə XX əsrdə Azərbaycanda pedaqoji elmin formalaşma mərhələlərindən, bu prosesdə böyük elmi məktəb yaratmış akademik Hüseyn Əhmədovun müstəsna rolundan bəhs olunur. Alimin həyat yolu, pedaqoji və elmi-pedaqoji fəaliyyəti səciyyələndirilir, tədqiqatları təhlil edilir. H.Əhmədovun XIX–XX əsrlər Azərbaycan təhsil və pedaqoji fikir tarixinin sistemləşdirilməsi sahəsindəki fəaliyyəti ümumiləşdirilir, yaratdığı elmi məktəbin ənənələrinin bu gün də yaşadığı bildirilir.
Açar sözlər: Akademik Hüseyn Əhmədov, pedaqogika tarixi, elmi məktəb, ADPU, maarifçilik irsi
The patriarch of Azerbaijani pedagogical science: Life and scientific heritage of academician Huseyn Ahmadov
Summary
The report discusses the formation stages of pedagogical science in Azerbaijan in the 20th century and the exceptional role of Academician Huseyn Ahmadov, who created a major scientific school in this process. The scholar's life path, pedagogical, and scientific-pedagogical activities are characterized, and his research is analyzed. H. Ahmadov's activities in systemizing the history of Azerbaijani education and pedagogical thought in the 19th–20th centuries are summarized, and it is emphasized that the traditions of the scientific school he created continue to live today.
Keywords: Academician Huseyn Ahmadov, history of pedagogy, scientific school, ASPU, educational heritage
XX əsrin 20-ci illəri Azərbaycanda milli təhsil quruculuğunun və pedaqoji fikrin formalaşmasının ilkin mərhələsi kimi səciyyələndirilir. Bu dövrdə ölkədə savadsızlığın aradan qaldırılması, yeni tipli sovet məktəblərinin yaradılması və ana dilində tədrisin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Ali pedaqoji təhsil müəssisələri fəaliyyətə başladı, müəllim kadrlarının hazırlanması sistemli xarakter aldı. Pedaqogikanın nəzəri əsaslarının işlənilməsi, təlim və tərbiyə prosesinin milli xüsusiyyətlərə uyğun qurulması elmi müzakirə predmetinə çevrildi.
Türkiyə və Rusiyadan dəvət olunmuş tanınmış pedaqoq alimlərin bilavasitə elmi dəstəyi ilə ilk milli pedaqoqlar nəsli formalaşdı. Azərbaycan Pedaqoji İnstitutu (indiki ADPU) pedaqogika, psixologiya və fənlərin tədrisi metodikası ixtisasları üzrə elmi-pedaqoji mərkəzə çevrildi. Akademik Mehdi Mehdizadə, professorlar Əhməd Seyidov və Mərdan Muradxanovun təmsilçiliyi ilə Azərbaycanda yeni elmi məktəb yarandı. Onlar pedaqogikanın nəzəriyyəsi və tarixi sahəsində fundamental tədqiqatlar apararaq elmi-pedaqoji fikri zənginləşdirdilər və yeni pedaqoqlar nəslinin yetişməsinə vəsilə oldular.
Yaradılan elmi məktəb pedaqogika tarixinin və nəzəriyyəsinin sistemli şəkildə öyrənilməsi, milli və ümumbəşəri dəyərlərin vəhdətdə təqdim olunması və müəllim hazırlığında yüksək peşəkarlıq standartlarının müəyyənləşdirilməsi ilə seçilirdi. Bu məktəb keçmiş İttifaq miqyasında tanınaraq Azərbaycan pedaqoji elminin “qızıl sacayaqları” kimi qəbul edilən alimlərin adını elm tarixində əbədiləşdirdi.
Həmin müqtədir alimlərin bilavasitə diqqət və qayğısı, elmi köməyi ilə keçən əsrin 60–70-ci illərində Azərbaycan pedaqoq alimlərinin ikinci nəsli yetişmişdir ki, onların ən qüdrətlisi anadan olmasının 100 illiyini qeyd etdiyimiz akademik Hüseyn Mustafa oğlu Əhmədov (1926–2020) olmuşdur. O, ibtidai məktəb müəllimliyindən akademikliyədək pillə-pillə ucalmış, qəlbinin odunu və hərarətini, ömrünün qaynar illərini millətin gələcəyi olan gəncliyin təhsil-tərbiyəsinə həsr etmişdir. Hüseyn Əhmədov orijinal proqram və dərsliklər hazırlamış, Azərbaycanda və xarici ölkələrdə fundamental əsərlər nəşr etdirmiş, pedaqoji və elmi-pedaqoji kadr hazırlığında peşəkarlığı və fədakarlığı ilə seçilmişdir. Geniş elmi erudisiyası, sadəliyi, xeyirxahlığı və insanpərvərliyi ilə insanların qəlbini fəth edərək adını millətin elm və təhsil tarixinə yazmağı bacaran Hüseyn Əhmədov sağlığında ikən əfsanəyə və pedaqoji elmin patriarxlarından birinə çevrilmişdir.
Hüseyn Mustafa oğlu Əhmədov 17 iyul 1926-cı ildə Qərbi Azərbaycanın Çəmbərək (Krasnoselsk) rayonunun Toxluca kəndində anadan olmuşdur. Hüseyn bir müddət ailəsi ilə birlikdə İrəvan yaxınlığındakı Qanaqır (Kənəkir) rayonunun Göykilsə kəndində yaşamış (1936–1940), burada 7-ci sinfi, Qanaqır kəndində isə 8-ci sinfi bitirmişdir. Atası sovet-alman müharibəsinin ilk aylarında düşmən gülləsinə tuş gəldiyi üçün ailənin bütün çətinlikləri onun üzərinə düşmüşdür. Doğma kəndində ibtidai sinif müəllimi işləyən Hüseyn müəllim təhsilini davam etdirmək məqsədilə Gəncəyə gəlmiş və K.Setkin adına Pedaqoji Texnikumun III kursuna qəbul olmuşdur. 1947-ci ildə texnikumu “əla” qiymətlərlə bitirmişdir. Sonra H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda tarix müəllimliyi ixtisası üzrə təhsil almışdır (1947–1951) və təhsil uğurlarına görə Lenin Komsomolu təqaüdünə layiq görülmüşdür. 1951–1952-ci illərdə Kirovabad (Gəncə) Pedaqoji İnstitutunda baş laborant, həmçinin Gəncədəki Toxuculuq Texnikumunda tarix müəllimi kimi fəaliyyət göstərmiºdir. Aspirantura təhsilini V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) alan H.Əhmədov bir müddət institutun azad komsomol komitəsinin birinci katibi olmuş, sonra isə Azərbaycan ETPEİ-də (indiki Təhsil İnstitutu) kiçik elmi işçi vəzifəsində çalışmışdır.
1958-ci ildə namizədlik (fəlsəfə doktorluğu), 1972-ci ildə elmlər doktorluğu dissertasiyası müdafiə edən H.Əhmədov 1958–1959-cu illərdə V.İ.Lenin adına ADPİ-nin Pedaqogika kafedrasında assistent, 1964–1977-ci illərdə dosent, 1977–2014-cü illərdə isə professor vəzifələrində fəaliyyət göstərmişdir. 1974–1977-ci illərdə Orta məktəb direktorlarının ixtisasartırma fakültəsinin dekanı olmuş, 1974–2014-cü illərdə ADPU-nun Elmi Şurasının, həmçinin Riyaziyyat və Tarix fakültələrinin Elmi Şuralarının üzvü kimi çalışmışdır.
1977-ci ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyası tərəfindən Pedaqogika kafedrası üzrə professor elmi adı verilmiş, eyni ildə müsabiqə yolu ilə V.İ.Lenin adına ADPİ-nin "Ümumi pedaqogika" kafedrasına müdir seçilmiş və 2014-cü ilə qədər həmin vəzifədə çalışmışdır.
Hüseyn Əhmədov Azərbaycan pedaqoji elminin görkəmli nümayəndəsi, təhsil tarixçisi və pedaqoji fikir tədqiqatçısı olmuşdur. O, Moskvada nəşr edilən 40 çap vərəqindən artıq olan “Azərbaycan pedaqoji fikir antologiyası”, SSRİ Pedaqoji Elmlər Akademiyası tərəfindən çap olunan “SSRİ xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair oçerklər”in I və IV cildləri, 2 cildlik “Rus Pedaqoji Ensiklopediyası” və 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının IV–X cildlərinin əsas müəlliflərindən biri olmuşdur. Hüseyn müəllim Moskva, Leninqrad, Kiyev, Daşkənd, Poltava, Penza, Səmərqənd, Ulyanovsk və digər şəhərlərdə keçirilən elmi konfrans və sessiyalarda fəal iştirak etmiş, nüfuzlu və orijinal fikirləri ilə həmkarlarının rəğbətini qazanmışdır. Onun təhsil və pedaqoji fikir tarixi ilə bağlı əsərləri Azərbaycan pedaqoji elminin qızıl fonduna daxil edilmişdir.
Hüseyn Əhmədov təkcə Azərbaycanda deyil, həm də keçmiş İttifaqda tanınmış nüfuzlu təhsil tarixçilərindən biri olmuşdur. 1990-cı il dekabrın 20-də SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Qeyd etmək yerinə düşər ki, bu akademiyaya yaradıldığı 1943-cü ildən yalnız 4 azərbaycanlı üzv seçilmişdir: akademik Mehdi Mehdizadə həqiqi üzv, Abasqulu Abaszadə, Sədi İmanov və Hüseyn Əhmədov isə müxbir üzv olmuşlar.
1993-cü ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının və Moskvadakı Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının, 1995-ci ildə Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, 1998-ci ildə elmi-pedaqoji sahədəki yaradıcılığına görə Beynəlxalq Pedaqoji Akademiyanın Y.Komenski adına Böyük Qızıl Medalı ilə təltif olunmuşdur. 1999-cu ildə Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü, 2005-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Türk Dünyasına Hizmet” qızıl medalı ilə təltif edilmişdir. 2006-cı ildə “El gücü” Beynəlxalq Humanitar Assosiasiyası onu Heydər Əliyev adına “Əsrin Akademiyası”na həqiqi üzv qəbul etmiş, 2006–2007-ci illərdə Amerikanın Beynəlxalq Ekspertiza və Bioqrafik Tədqiqatlar İnstitutu, Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi və Rusiya Təhsil Akademiyası tərəfindən pedaqogika sahəsindəki xidmətlərinə görə yüksək qiymətləndirilmişdir.
Professor H.Əhmədov “Azərbaycan SSR qabaqcıl maarif xadimi” (1973), “SSRİ maarif əlaçısı” (1977), Ümumittifaq “Bilik” cəmiyyəti idarə heyətinin “Fəaliyyətinə görə” (1985) döş nişanları, həmçinin “Azərbaycan SSR əməkdar ali məktəb işçisi” (1981) fəxri adına layiq görülmüşdür. 2007-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuş, müharibə və əmək veteranı kimi fəaliyyət göstərmişdir. 1999 və 2004-cü illərdə Binəqədi rayon Bələdiyyəsinə üzv seçilmişdir.
Akademik Hüseyn Əhmədov elmi-pedaqoji fəaliyyətində böyük uğurlar qazanmış, müxtəlif akademiyaların üzvü seçilməsi ilə şöhrətin uca və şərəfli mərtəbəsinə yüksəlmişdir. Onu həmkarlarından fərqləndirən əsas cəhətlər geniş elmi erudisiyası, məhsuldarlığı və zəhmətkeşliyi olmuşdur.
Hüseyn Əhmədovun əsərləri pedaqogika elminin bütün sahələrini əhatə etmişdir. Onun müəllifi olduğu monoqrafiya, dərslik və dərs vəsaitləri arasında “İbtidai məktəb şagirdlərinin kommunist əxlaqi tərbiyəsində nümunənin rolu və ondan istifadə yolları” (1958), “Uşaqların tərbiyəsində valideynin şəxsi nümunəsi” (1962), “Pedaqogikaya giriş” (1973), “100 yaşlı Yuxarı Salahlı kənd məktəbi” (1978), “N.Nərimanovun pedaqoji fikirləri” (1979, 2000), “100 yaşlı Qarğabazar məktəbi” (1983), “XIX əsr Azərbaycan məktəbi” (1985, 2000), “N.Tusi” (1992, 2001), “İdarəetmənin pedaqogika və psixologiyası” (2001, 2004), “Avrasiya xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair oçerklər” (2012), “Azərbaycan pedaqoji fikir antologiyası” (1990), “Maarif fədailəri: Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev-150” (2013), “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” (2014) və 29 cildlik “Seçilmiş əsərləri” yer alır. Onun elmi və publisistik məqalələrinin sayı Azərbaycanda və xarici ölkələrdə 600-dən artıqdır.
Hüseyn Əhmədov müxtəlif vaxtlarda İrəvan, Tiflis, Səmərqənd, Daşkənd və Moskvada rəsmi opponent, Müdafiə Şuralarının üzvü, sədr müavini və sədri kimi fəaliyyət göstərmiş, elmi rəhbərliyi ilə 60-a yaxın fəlsəfə və elmlər doktoru yetişdirmişdir.
Akademik H.Əhmədovun elmi-pedaqoji xidmətlərindən biri də XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Tiflisdə, Təbrizdə və Bakıda ərəb əlifbası ilə nəşr olunmuş dərsliklərin transliterasiya və faksimiliya yolu ilə yenidən nəşr olunmasıdır. Bu əsərlərə yeni həyat və nəfəs bəxş etmişdir. Onun yenidən nəşr etdiyi dərsliklər arasında N.Dementyevin “Təmsillər və hekayələr” (Tiflis, 1839), İ. Qriqoryev və M.Ş. Vazehin “Kitabi-türki” (Təbriz, 1855), A.O. Çernyayevskinin “Vətən dili” (I hissə, Tiflis, 1882), Rəşid bəy Əfəndiyevin “Uşaq bağçası” (Tiflis, 1912), “Bəsirət-ül-ətfal” (Bakı, 1901), A.Çernyayevski və S.Vəlibəyovun “Vətən dili” (II hissə, Tiflis, 1888), S.Vəlibəyovun “Qüdrəti-Xuda” (Tiflis, 1888) və Üzeyir Hacıbəyovun “Hesab məsələləri” (Bakı, 1907) yer alır.
Bu fəaliyyətləri ilə Hüseyn Əhmədov yalnız elmi-pedaqoji irs yaratmamış, eyni zamanda milli dərslik və təhsil sərvətimizi gələcək nəsillər üçün qoruyub saxlamışdır.
Hüseyn Əhmədov pedaqogika nəzəriyyəsi üzrə namizədlik dissertasiyası müdafiə etsə də, 1960-cı illərdən başlayaraq Azərbaycanda məktəb təhsilinin tarixini araşdırmağa başlamışdır. 1968–1970-ci illərdə elmi yaradıcılıq ezamiyyəti çərçivəsində Moskva, Leninqrad, Tbilisi, Bakı, Həştərxan və İrəvan dövlət arxivlərində çalışaraq, üstünü toz basmış sənədləri aşkara çıxarmış, külli miqdarda material toplamış və sistemləşdirərək “XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişaf tarixi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Bu dissertasiya əsasında nəşr etdiyi “XIX əsr Azərbaycan məktəbi” monoqrafiyası millətimizin yüzillik təhsil tarixinin müfəssəl və möhtəşəm salnaməsi hesab olunur.
Akademik H.Əhmədov Azərbaycan pedaqoji fikir klassiklərinin, maarifçilərinin və məktəbdarlarının - o cümlədən N.Tusi, A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundov, H.Zərdabi, S.Ə.Şirvani, S.M.Qənizadə, A.O.Çernyayevski, F.B.Köçərli, C.Məmmədquluzadə, M.T.Sidqi, N.Nərimanov, Ü.Hacıbəyov və başqalarının pedaqoji ideyalarını tədqiq etmiş, onların xalq maarifi, məktəb təhsili və təlim-tərbiyə ilə bağlı fikirlərini sistemləşdirmişdir. Bu araşdırmalar pedaqoji irsin gənc nəslin tərbiyəsində əhəmiyyətini əsaslandırmış və bu günümüz üçün dəyərli elmi müddəalar irəli sürmüşdür.
H.Əhmədovun bu sahədəki tədqiqatlarının praktik əhəmiyyəti iki cəhətlə xüsusilə nəzərə çarpır: birincisi, rəsmi dövlət qərarları ilə bir sıra şəhər və kənd məktəblərinin yubileylərinin geniş qeyd olunması və pedaqoji ictimaiyyətin böyük rəğbətini qazanmasıdır; ikincisi, bu tədqiqatlar əsasında “Azərbaycanda məktəb və pedaqoji fikir tarixi” adlı xüsusi kursun yaradılması və onun proqramının, dərsliyinin nəşr olunmasıdır.
Təhsil tarixini araşdırmaq, millətimizin maarifçilik ənənələrini, pedaqoji irsini, məktəbdar və maarifçilərin ideyalarını günümüzlə əlaqələndirməyə, onların uğur və təcrübələrindən bugünkü məktəb təhsilinin inkişafında və gənclərin milli kimlik və özüdərkinin möhkəmlənməsində istifadə etməyə şərait yaradır.
Təhsil tarixinin öyrənilməsi təkcə keçmişin xronoloji şəkildə dərk edilməsi deyil, həm də milli-mənəvi yaddaşın sistemli şəkildə bərpası və gələcəyə ötürülməsi kimi mühüm elmi-fəlsəfi mahiyyət daşıyır. Bu proses, bir tərəfdən, pedaqoji təcrübənin tarixi köklərini üzə çıxararaq milli təhsil modelinin formalaşmasına xidmət edir, digər tərəfdən isə cəmiyyətin özünüdərk səviyyəsini yüksəldərək gənc nəslin milli kimlik şüurunun möhkəmlənməsinə zəmin yaradır. Müasir dövrdə pedaqoji irsin qorunması innovativ təhsil strategiyalarının əsasını təşkil edən canlı bir mənbə kimi çıxış edir.
Bu kontekstdə akademik Hüseyn Əhmədovun elmi-pedaqoji irsi Azərbaycan pedaqoji fikrinin klassik nümunələrindən biri kimi xüsusi əhəmiyyət kəsb edir. Onun araşdırmaları milli təhsil tarixinin sistemləşdirilməsi, pedaqoji ideyaların inkişaf dinamikasının izlənilməsi və elmi-nəzəri əsaslarının müəyyənləşdirilməsi baxımından fundamental rol oynayır. Zaman keçdikcə bu irsin dəyəri daha da aydın şəkildə üzə çıxacaq, elmi-pedaqoji ictimaiyyət tərəfindən yenidən qiymətləndiriləcək və müəllifin adı pedaqoji fikir tariximizdə həmişə layiq olduğu mövqeyini qoruyub saxlayacaqdır.