Online Manuscript Submission
Submit your manuscript to IMCRA Publishing through our secure editorial submission system. All submissions undergo editorial screening, academic evaluation, and peer review in accordance with scholarly publishing standards.
Manuscript Submission Form
PLENAR ÇIXIŞ: Akademik Hüseyn Əhmədovun elmi məktəbi və irsi
fizika-riyaziyyat elmləri doktoru, professor,
Əməkdar müəllim
Akademik Hüseyn Əhmədovun elmi məktəbi və irsi
Xülasə
Məruzədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin milli təhsilin və pedaqoji elmin inkişafındakı müstəsna rolu, həmçinin bu ali məktəbin akademik simasını formalaşdıran akademik Hüseyn Əhmədovun elmi irsi təhlil olunur. M.Mehdizadə və Ə.Seyidov kimi alimlərin ənənələrini davam etdirən H.Əhmədov 5 elmlər doktoru və 50-dən çox fəlsəfə doktoru yetişdirərək böyük elmi məktəb yaratmışdır. Müxtəlif dövlət arxivlərindən qiymətli sənədlər üzə çıxararaq təhsil tariximizi xeyli zənginləşdirmişdir.
Açar sözlər: ADPU, akademik Hüseyn Əhmədov, pedaqoji elmi məktəb, təhsil tarixi, maarifçilik irsi
The Scientific School and Heritage of Academician Huseyn Ahmadov
Summary
The report analyzes the exceptional role of Azerbaijan State Pedagogical University in the development of national education and pedagogical science, as well as the scientific heritage of Academician Huseyn Ahmadov, who shaped the academic image of this higher education institution. Continuing the traditions of prominent scholars such as M. Mehdizadeh and A. Seyidov, H. Ahmadov created a major scientific school by supervising 5 Doctors of Science and more than 50 PhDs. By unearthing valuable documents from various state archives, he significantly enriched the history of our education.
Keywords: ASPU, Academician Huseyn Ahmadov, pedagogical scientific school, history of education, enlightenment heritage
Azərbaycan Dövlət Pedaqoji Universiteti yarandığı gündən respublikamızda pedaqoji elmlərin inkişaf bazası, milli təfəkkürün və maarifçilik ideyalarının inkişafında müstəsna əhəmiyyətə malik olmuşdur. İyirminci yüzilliyin 20-ci illərindən başlayaraq milli kadrların bu ali təhsil ocağında toplanması milli düşüncənin intibahına, milli müəllim kadrlarının yetişməsinə, ali pedaqoji məktəblər üçün ilk dərsliklərin yaranmasına və nəhayət, 170 mindən artıq yüksəkixtisaslı pedaqoji kadrların yetişməsinə zəmin yaratmışdır. Azərbaycanda ilk fəlsəfə doktorları və elmlər doktorlarının yetişməsi məhz bu təhsil ocağının əməkdaşlarının adı və elmi-pedaqoji fəaliyyəti ilə sıx bağlıdır. Akademik Mehdi Mehdizadə, professor Əhməd Seyidov və professor Mərdan Muradxanov kimi böyük alimlərin adları elmi və pedaqoji ictimaiyyətə yaxşı tanışdır. Onlar Pedaqoji Universitetin inkişafında direktor (rektor), fakültə dekanı və kafedra müdiri kimi mühüm rol oynamışlar.
Görkəmli pedaqoq alim, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Təhsil Akademiyasının xarici üzvü Hüseyn Əhmədov məhz bu böyük alimlərin mənəvi və elmi köməyi ilə yetişmiş, elmin çətin və şərəfli yollarında inamla addımlamışdır. Professor Əhməd Seyidovun elmi rəhbərliyi ilə namizədlik, akademik Mehdi Mehdizadənin elmi məsləhətçiliyi ilə doktorluq dissertasiyalarını müdafiə edərək mənsub olduğu məktəbin ənənələrinə sadiqliyini sübut etmişdir. Hüseyn müəllim sələflərindən aldığı elmi estafeti sadəcə qoruyub saxlamaqla kifayətlənməmiş, bu zəngin irsi keyfiyyətcə yeni bir mərhələyə qaldıraraq elmi məktəb yaratmışdır. Bu gün qürurla demək olar ki, professor Hüseyn Əhmədov elmi məktəbinin 5 elmlər doktoru və 50-dən çox fəlsəfə doktoru olan təmsilçiləri Azərbaycan pedaqoji elmini əsaslı şəkildə zənginləşdirmişdir. Keçən əsrin 90-cı illərindən Pedaqoji Universitetdə pedaqogika elminin müasir inkişaf istiqamətləri, yetişən yeni tədqiqatçılar nəsli və aparılan fundamental axtarışlar birbaşa Hüseyn müəllimin yetirmələrinin də adı və çoxşaxəli fəaliyyətləri ilə bağlıdır.
Professor Hüseyn Əhmədovun anadan olmasının 100 illik yubileyi münasibətilə Universitetimizdə və bütövlükdə respublika elmindəki xidmətlərini araşdırarkən bir daha aydın olur ki, o, həqiqətən də bu təhsil ocağının elmi imicini və akademik simasını formalaşdıran unikal şəxsiyyətlərdən biri olmuşdur. O, Azərbaycanın Rusiya, Gürcüstan və Özbəkistanla elmi-pedaqoji əlaqələrinin inkişafında elmi rəhbər, rəsmi opponent və dissertasiya şurasının sədr müavini kimi fəal iştirak etmiş, beynəlxalq konfransların təşkilat komitələrində təmsil olunaraq dövrün ən aktual pedaqoji problemlərinə dair məruzələrlə çıxış etmişdir.
Hüseyn müəllim doğma universitetində də çoxsaylı elmi-nəzəri və praktik konfransların əsas təşkilatçısı kimi yadda qalmışdır. Xüsusilə, 1979-cu ildə Ali və Orta İxtisas Təhsili Nazirliyinin müvafiq əmri əsasında keçirilən, Moskvadan, Şimali Qafqazdan, Tbilisidən gələn 70-dən çox mötəbər qonağın iştirak etdiyi Qori Müəllimlər Seminariyasının 100 illiyinə həsr olunmuş konfransı xatırlamaq kifayətdir. Həmin konfransın nəşr olunmuş materialları göstərir ki, bu tədbir sadəcə bir yubiley yığıncağı olmayıb, milli intibah tariximizdə müstəsna yeri olan Seminariyanın salnaməsini dirçəldən böyük elmi tədbir olub.
Azərbaycan xalqının təhsil və pedaqoji fikir tarixi elm sahəsinin yaradanlarından biri olan Hüseyn Əhmədov Bakı, Moskva, Leninqrad, İrəvan, Həştərxan, Tbilisi və digər elm mərkəzlərinin arxivlərində illərlə apardığı gərgin axtarışlar sayəsində xalqımızın bir əsrlik təhsil və maarif tarixini üstünü toz basmış sənədlərin altından çıxarmış, milli yaddaşımız üçün tükənməz bir xəzinə yaratmışdır ki, bunlar da monoqrafiyalara, dərslik və dərs vəsaitlərinə, dəyərli mənbələrə çevrilmişdir.
AMEA-nın müxbir üzvü Misir Mərdanovun və professor Fərrux Rüstəmovun Hüseyn müəllimə həsr olunmuş məqaləsi haqlı olaraq: “Təhsil tariximizin arxeoloqu”adlandırılmışdı. Həqiqətən də, Hüseyn müəllim həqiqi bir arxeoloq dəqiqliyi və səbri ilə ömrünü arxiv qatlarında gələcək nəsillər üçün maarif işığı axtarışına həsr etmişdir. Professor Hüseyn Əhmədovun “arxeoloji” axtarışlarının əsas fəlsəfəsi arxiv sənədlərində unudulmaqda olan maarifçilik ideyalarını, təhsil ənənələrini, ziyalılarımızın irsini yenidən elmi dövriyyəyə daxil etmək idi. Onun topladığı arxiv xəzinəsi, həmçinin elmi-pedaqoji irsi bu gün də milli təhsilimizin özünüdərk prosesinə, beynəlxalq elmi məkana inteqrasiyasına və pedaqoji fikrin fundamental inkişafına xidmət edən etibarlı elmi bünövrədir.